12.03.2026
Kolektif House
“Cavan Creative Talks” layihəsi çərçivəsində növbəti görüş animasiya sənətinə həsr olundu. Layihənin qonağı Azərbaycanın tanınmış animasiya rejissoru və kino rəssamı Elçin Hami Axundov oldu. Görüş zamanı ustad sənətkar Azərbaycan animasiya sənətinin inkişaf yolu, bu sahənin incəlikləri və şəxsi yaradıcılıq təcrübəsi haqqında iştirakçılarla səmimi söhbət aparıb. O, quruluşçu rəssam kimi çalışdığı Cırtdan və Div, Cücələrim və Güzgü kimi animasiya filmlərinin yaradılma prosesindən maraqlı məqamları bölüşüb. O, animasiya sənətinin texniki, yaradıcı tərəfləri və ideyanın yaranmasından televiziyada yayımlanmasına qədər keçdiyi mərhələlər haqqında ətraflı məlumat verdi. Eyni zamanda, gənclər animasiya sahəsində karyera qurmaq, yaradıcı düşüncəni inkişaf etdirmək və bu istiqamətdə ilk addımları atmaq barədə dəyərli tövsiyələr əldə ediblər. Sual-cavabla davam edən görüş gənclərin fəallığı və ustadın səmimi cavabları ilə yadda qalıb. Layihənin əsas məqsədi gəncləri müxtəlif yaradıcı sahələrin peşəkar nümayəndələri ilə bir araya gətirmək, onların təcrübəsindən faydalanmaq və yeni ideyalar üçün ilham mənbəyi yaratmaqdır. Uğurla başa çatan görüş gənclərin yaddaşında unudulmaz iz və qəlbində xoş duyğular qoydu.