Dekabrın 9-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisi keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında baş tutmuş Məclisdə hesabat dövründə görülmüş işlərlə bağlı Milli Şuranın üzvləri məlumatlandırılıb, növbəti ildə qarşıda duran çağırışlarla bağlı müzakirələr aparılıb.

Keçirilən tədbirdə Gənclər Təşkilatları Milli Şurasına yeni üzvlərin qəbul edilməsi məsələsinə də baxılıb. 2017-ci ildə yaradılmış və artıq bir sıra layihələrin təşkilatçısı və tərəfdaşı kimi çıxış etmiş “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin marketinq departamentinin rəhbəri Mehriban Həsənova çıxış edib. O, təşkilatın məramı, fəaliyyəti və gələcək planları haqqında Məclis iştirakçılarını məlumatlandırıb. “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin fəaliyyəti yüksək qiymətləndirilib və təşkilat Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv qəbul edilib.