“CAVAN” Gənclər Hərəkatı İB-nin Təhsil departamentinin rəhbəri İlham Hümbətov Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Avropa İttifaqının “HORIZON 2020” proqramının Avropa Tədqiqat Şurası (European Research Council) istiqaməti üzrə milli təmsilçi (National Contact Point) seçilib. 80 milyard avro büdcəli “HORIZON 2020” proqramının əsas məqsədi dünyada elmi tədqiqatların və innovasiyaların dəstəklənməsidir.

13 milyard avro büdcəyə məxsus Avropa Tədqiqat Şurası Avropa İttifaqında keçirilən elmi və texnoloji tədqiqatın maliyyələşdirilməsinə görə cavabdeh dövlət qurumudur. İstənilən sahəni təmsil edən tədqiqatçılar (Aİ-dən kənar alimlər daxil olmaqla) innovativ layihələrinin maliyyələşdirilməsi üçün müraciət edə bilər. Artıq qrant almış tədqiqatçılardan beş nəfəri Nobel mükafatına layiq görülmüşdür.
Qrant müraciətləri yüksək ixtisaslı ekspertlər tərəfindən qiymətləndirilir. Seçim üçün yeganə meyar tədqiqatın keyfiyyətidir: nə mövzu, nə də coğrafi mənsubiyyət heç bir rol oynamır. Məqsəd bütün dünyadan ən yaxşı ideyaları cəlb etməkdir.
Əlavə məlumat Avropa Tədqiqat Şurasının saytından əldə oluna bilər: erc.europe.eu
Azərbaycanda elm və təhsilin inkişafına daim dəstək verməyə hazır olan “CAVAN” Gənclər Hərəkatı İB adından həmkarımıza işində uğurlar arzu edirik.