Niderlandın Neymegen şəhərində dünyanın 50-dən artıq ölkəsindən 300-dən çox məktəblinin iştirak etdiyi Yeniyetmələrin XIV Beynəlxalq Elm Olimpiadası keçirilib.

Bu elm yarışında iştirak edən 6 azərbaycanlı məktəblidən 5 nəfəri – Kimya-biologiya təmayüllü Respublika Liseyinin şagirdləri Kənan Ağayev və Əli Əliyev, Ağdaş “İstək” liseyinin şagirdi Fərid Əliyev, Lənkəran “İstək” liseyinin şagirdi Turan Məmmədli, Bakı şəhəri 291 saylı Ekologiya liseyinin şagirdi Turan Bayramlı bürünc medal qazanıblar. Zərifə Əliyeva adına liseyin şagirdi Xaqan Məmmədlini isə medaldan cəmi iki xal ayırıb.

Dekabrın 18-də “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin ofisində medal qazanmış yeniyetmələrlə görüş təşkil edilib. Onlara daha böyük müvəffəqiyyətlər arzu edən təşkilat üzvləri yeniyetmələri təbrik edib, onların bu uğurunun Azərbaycan gəncliyi üçün böyük nailiyyəti olduğunu qeyd ediblər. Yeniyetmələrə simvolik hədiyyələr təqdim edilib. Olimpiadada iştirak edən komandamızın rəhbəri Elxan Tahirovla bərabər “Cavan”ın qonağı olan yeniyetmələr çay süfrəsi arxasında olimpiada haqqında təəssüratları ilə bölüşüblər.

Azərbaycanlı məktəblilər 2004-cü ildən bu olimpiadada iştirak edirlər və bu vaxtadək 37 medal qazanıblar.

Görüşdən olan şəkillərlə tanış ola bilərsiniz.