Press about us

Küçə musiqisi janrı Azərbaycanda da yayılmağa başlayır...

Gülüm Qiyasova: “Küçə musiqiçiləri arasında musiqi məktəbi bitirənlər, müxtəlif alətlərdə gözəl ifa etməyi bacaranlar da var”

 

“Küçə musiqiçisidir, o nə bacarasıdır ki...” -  deyib keçməyək. Həqiqətən də küçə ifaçıları arasında kifayət qədər istedadlı insan var. Hətta dəfələrlə biz özümüz də onlara qulaq asıb ifalarından zövq almışıq.

Bakının ən müxtəlif yerlərində, xüsusən də metro ağzında, keçidlərdə müxtəlif musiqi alətlərində ifa edən, oxuyan gənclər gözə dəyir. Əlbəttə, onlar bu musiqini pul qazanmaq naminə ifa edirlər. Onlar öz bacarıqlarını nümayiş etdirib pul qazanırlar. Bu kiməsə əl açmaqdan on qat, yüz qat yaxşı bir işdir. 

Küçə musiqiçiləri bir araya gətiriləcək. “Trend”in məlumatına görə, 23-24 sentyabr tarixlərində, saat 19:00-da “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda “Xəzərin sahilində” küçə musiqisi festivalı keçiriləcək. Fonddan verilən məlumata görə, Milli Musiqi Gününə həsr olunmuş festivalda müxtəlif janrlarda ifa edən iyirmidən artıq ifaçı və qrupun iştirakı nəzərdə tutulub.

Onu da vurğulayaq ki, dünyanın başqa ölkələrində küçə musiqiçilərinin festivalları keçirilsə də, bu, Azərbaycanda ilk dəfədir təşkil edilir. Məlumatlara görə, Azərbaycanda ilk dəfə keçirilən küçə musiqisi festivalı üçün Dənizkənarı Milli Parkda xüsusi nöqtələr ayrılıb və avadanlıqla təchiz olunub. Festivalın keçirildiyi tarixlərdə kiçik səhnələrdə ifaçılar bir-birini əvəz etməklə, öz proqramlarını təqdim edəcəklər. Küçə Musiqisi Festivalının ən maraqlı məqamlarından biri  səhnələrdən birinin boş saxlanaraq, istənilən arzu edən şəxsə burada ifa etmək imkanının verilməsi olacaq.

“Xəzərin sahilində” küçə musiqisi festivalında Azərbaycanın tanınmış ifaçılarının iştirakı, müxtəlif səhnə şoularının təşkili də nəzərdə tutulub. Festivalın keçirilməsində məqsəd Bakı şəhərində küçə musiqiçilərinə münasibətin daha da yaxşılaşdırılması, gənclərin musiqi ətrafında toplaşaraq xoş vaxt keçirmələrinə nail olmaqdır.

Küçə musiqiçilərinin bir yerə toplaşaraq öz bacarıqlarını tamaşaçılara nümayiş etdirməsi, əlbəttə, maraq doğuran haldır. Ola bilsin onlar arasında elə istedadlı şəxslər tapılsın ki, o, gələcəkdə musiqi sənətinə xidmət etsin.

Bakı Musiqi Akademiyasının məzunu Gülüm Qiyasova bizimlə söhbətində belə bir festival keçirən təşkilatların işinə müsbət yanaşdığını bildirdi. Fortopiano ifaçısı olan G.Qiyasovanın sözlərinə görə, onun özünün də tanıdığı, lakin indi əlaqə saxlamadığı musiqiçi dostları var ki, onlar küçə musiqiçiləridir. Onun sözlərinə görə, bəzən küçə musiqiçiləri arasında musiqi məktəbində təhsil almış insanlar da var: “Küçə musiqiçilərinin festivalının keçirilməsi ideyası xoşuma gəldi. Bu olduqca maraqlı alınar. Bu insanların əksəriyyəti çox istedadlıdır. Bilirsiniz, küçə musiqiçiləri arasında musiqi məktəbi bitirənlər, müxtəlif alətlərdə gözəl ifa etməyi bacaranlar da var. Qədimlərdən bəri küçə musiqiçiləri olub, hər zaman onların ifaları maraqla qarşılanıb. Dünyanın müxtəlif ölkələrində küçə musiqiçilərinin festivalları keçirilib. Bu çox maraqlı bir işdir. Deyim ki, küçə musiqiçiləri arasında elələri var ki, çox istedadlıdır, ya çox gözəl səsi var, ya gözəl rəqs edir, ya da musiqi alətlərində Azərbaycan və dünya xalqlarının mahnılarını məharətlə ifa edir. İllər əvvəl mən rəfiqələrimlə bulvarda gəzərkən bir qarmon ifaçısı ilə tanış oldum. Səhv etmirəmsə, adı Kamil idi. Yanında da bir nağara ifaçısı vardı. O mənə dedi ki, hansısa bir mədəniyyət evində qarmon ifa edirmiş, sonra ixtisara düşüb, toylara aparan olmadığına görə çörək pulu qazanmaq üçün küçədə, parklarda, bulvarda qarmon ifa edir. Deyirdi ki, camaat sağ olsun, çörək pulumu çıxarıram. Bu musiqiçi istedadlı idi, amma işləməyə başqa yeri olmadığı üçün küçə musiqiçisi olmuşdu. Mən bir neçə dəfə “Neftçilər” metrostansiyasının yanında gənc bir qız görürdüm, kor idi, amma gözəl kamança çalırdı. O, muğamlarımızı, xalq mahnılarımızı ifa edirdi. Yəni belə musiqiçilər çoxdur. Toylara gedə bilmirlər, iş yerləri yoxdur, məcbur olub küçədə ifa edirlər. Küçə musiqiçilərinə barmaqarası yanaşmaq olmaz. Çünki onlar da musiqimizi təbliğ edirlər. Doğrudur, onların heç də hamısı istedadlı deyil, amma istedadı olanlar da var.

Fikrimcə, təşkil olunan bu festivalda küçə musiqiçiləri öz məharətlərini göstərə biləcəklər. İnanıram ki, hətta onlar arasında peşəkar səhnə üçün yararlı olanlar da ola bilər. Çox arzu edərdim ki, peşəkar musiqiçilərdən, bəstəkarlardan da o festivallara qatılanlar olsun. Bu ona görə lazımdır ki, istedadı daha parlaq olan bir gənc ifaçı olarsa, onu irəli çəksin”.

G.Qiyasovanın sözlərinə görə, bu festivala “Xəzərin sahilində” adının verilməsinin özü bir simvolik məna daşıyır. O qeyd etdi ki, xarici turistlər, şəhərimizin qonaqları onların ifalarını eşidəndə bir daha biləcəklər ki, Xəzər dənizinin sahilində istedadlı insanlar yaşayır: “Bu festivalın böyük maraq kəsb edəcəyinə şübhə etmirəm. Şəhərimizə çoxlu turist gəlir, onlar bizim küçə musiqiçilərimizin istedad və bacarığını gözləri ilə görəcəklər. Bu festival davamlı olaraq hər il keçirilsə, daha böyük nəticə verə bilər. Biz küçə musiqiçilərinin potensialını qiymətləndirməliyik”.

Source: http://bit.do/ezrLf