Dekabrın 20-də “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və YARAT Müasir İncəsənət Məkanının təşkilati dəstəyi ilə “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinin bağlanış mərasimi keçirilib.

Layihənin rəhbəri Turanə Qasımova çıxış edərək layihə haqqında ətraflı məlumat verdi. Burada nitq və eşitmə imkanları məhdud 16-26 yaş arası İKT sahəsinə marağı və minimal bilikləri olan 20 gənc xanımın iştirak etdiyini dedi. O həmçinin qeyd etdi ki, 12 təlimdən ibarət olan layihədə gənclərə kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları, qrafik dizayn, kodlaşdırma, kibertəhlükəsizlik, robot texnologiyası, e-hökumət və s. təlimlər keçirilib.

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təhsil departamentinin rəhbəri İlham Hümbətov çıxış edərək təşkilatçıları və iştirakçıları layihənin uğurla başa çatması münasibəti ilə təbrik etdi. Layihənin əhəmiyyətini qeyd edən çıxışçı, onun davamlılığının təmin olunması üçün atılacaq addımlar haqqında məlumat verdi.

Qeyd edək ki, layihənin məqsədi gələcəkdə İKT sahəsində peşakar səviyyədə çalışmaq istəyən nitq və eşitmə imkanları məhdud qızlara dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Layihənin sonunda iştirakçılar sertifikat və müxtəlif şirkət və qurumlar tərəfindən tərcübə proqramı ilə təltif olundular. 6 noyabr 2017-ci il tarixində start götürmüş və iki ay müddətində davam etmiş “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllülər” Təşkilatı, E-hökumət Təlim-Tədris Mərkəzi, “STEP IT Academy Azerbaijan” və “Femmes Digitales” – Azərbaycan Qadınlarının İKT klubunun təşkilatı dəstəyi ilə həyata keçirilib.

Tədbir boyu bütün çıxışlar surdotərcümə ilə müşayiət olunub.