“Depressiyada olmaq” ifadəsi müasir dövrdə demək olar ki, ümumişlək sözə çevrilib. İnsanlar “Mən mübahisə etməkdən, imtahanda uğursuz olmaqdan və ya işimi itirməkdən yorulmuşam” və s. demək əvəzinə “Mən depressiyadayam“ deyə bilirlər. Həyatın bu cür eniş-yoxuşları normal haldır və bu tip “depressiyada olan” şəxslər olduqca tez bir zamanda həmin situasiyadan çıxa bilirlər.

Həqiqi depressiya zamanı isə ən az iki həftə boyunca hər gün aşağı əhval ruhiyyə və digər əlamətlər müşahidə olunur. Əlamətlər gündəlik fəaliyyətə mane olacaq şəkildə kifayət qədər şiddətli ola bilər.

Depressiya kimlərdə olur?

Hər il təxminən 100 nəfərdən 5-nin depressiyadan əziyyət çəkdiyini görmək mümkündür. Bəzən bu hal yüngül olur və sadəcə bir neçə həftə davam edir. Lakin müalicə tələb edəcək qədər çox ağır depressiya hadisəsi təxminən hər 4 qadından 1-də və hər 10 kişidən 1-də həyatlarının müəyyən bir dövründə qeydə alına bilər. Bəzi insanların həyatında müxtəlif vaxtlarda iki və ya daha çox depressiya hadisəsi baş verə bilər.

Depressiyaya nə səbəb olur?

Depressiyanın dəqiq səbəbi məlum deyil. İstənilən şəxsdə depressiya yarana bilər. Bəzi insanlar buna meyillidir və bu bəlli bir səbəbdən yarana bilər. Sizin xüsusi bir probleminiz və ya narahatlığınız olmaya bilər, amma əlamətlər  tamamilə gözlənilmədən yarana bilər. Beləliklə, insanları başqalarına nəzərən daha  çox depressiyaya meyilli edən bununla bağlı bəzi genetik faktorlar ola bilər.

Depressiyanın əlamətləri hansılardır?

Depressiyada olan şəxslərdə bir sıra əlamətlər müşahidə edilir və bu əlamətlər diaqnozu dəqiqləşdirməyə kömək edir. Həmin əlamətlərə aşağıdakılar aiddir:

Əsas əlamətlər:

  • Davamlı qəmginlik və ya aşağı əhval ruhiyyədə olma. Xəstələrdə tez-tez ağlama müşahidə edilə bilər.
  • Hər hansı bir fəaliyyətə, hətta əvvəllər zövq alınan fəaliyyətə qarşı marağın və həvəsin itməsi.

Ümumi əlamətlər:

  • Əvvəlki yuxu norması ilə müqayisədə narahat yatmaq, erkən oyanmaq və ya yenidən yuxuya getməkdə çətinliklər. Depressiyası olan xəstələrdə bəzən həddindən artıq yatmaq da müşahidə  edilir.
  • İştahda dəyişiklik. Tez-tez iştahsızlıq və bununla bağlı bədən çəkisinin azalması. Bəzən isə əksinə daha çox yemə və bədən çəkisinin artımı qeydə alınır.
  • Yorğunluq (halsızlıq) və ya “enerji azlığı”.
  • Həyəcan hissi.
  • Hərəkətlərin yavaşlaması.
  • Zəif konsentrasiya və ya qorxaqlıq. Məsələn, oxumaq, işləmək və hətta adi məsələlərin həlli belə xəstələrə çətin görünür.
  • Dəyərsizlik və ya yersiz günahkarlıq hissi.
  • Vaxtaşırı təkrarlanan ölüm düşüncəsi. Bu, adətən ölüm qorxusu deyil, daha çox ölüm və ölməklə bağlı düşüncələrdir. Bir çox xəstələrdə isə “Həyat  yaşamağa dəyməz” və ya “Yatıb yuxudan ayılmamaq belə vecimə deyil” kimi ümidsiz düşüncələr qeydə alınır. Bəzən bu düşüncələr intihar hissinə və hətta intiharın planlaşdırılmasına belə gətirib çıxarır. 

Kəskin depressiyanın müşahidə olunduğu şəxslərdə qarabasma və ya hallüsinasiya baş verir. Bunlar psixotik əlamətlər adlanır. Qarabasma insanın sahib olduğu yanlış inancdır.  Qarabasmaya nümunə olaraq xəstə insanların digər insanların onları öldürməyə cəhd edə biləcəyini və ya onlara qarşı gizli pis niyətlərinin olması haqqında düşüncələrini göstərmək olar. Qarabasma real olmayan bir şeyi eşitmək,  görmək, hiss etmək, qoxulamaq və ya dadmaq deməkdir.

Mənbə: saglamliq.isim.az