Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə prezidentin sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Çingiz Salman oğlu Qurbanovun ad günü münasibətilə Qusarda anım mərasimi keçirilib.

Nazirliyin bir qrup hərbi quluqçusu, şəhidin ailə üzvləri, və Qusar rayon İcra Hakimiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəmanın məzarı üzərinə Müdafiə Nazirliyi adından əklil qoyub və qərənfillər düzüblər.

Anım mərasimində polkovnik Abdulla Qurbani Ç. Qurbanovun keçdiyi şərəfli həyat yolundan danışıb. O, şəhid əsgərin xidmətlərinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, adının əbədiləşdirildiyini, xatirəsinin əziz tutulduğunu, Silahlı Qüvvələr tarixində ilk olaraq müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə adının xidmət etdiyi döyüş mövqeyinə verildiyini və şəxsi heyətin daimi siyahısına salındığını vurğulayıb.

Qusar rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev bildirib ki, ordu sıralarına fiziki və mənəvi cəhətdən sağlam gənclərin hazırlanması, ordu ilə xalqın birliyinin daha da möhkəmləndirilməsi məsələləri Qusar rayonunda da prioritetdir.

Mərasim Milli Qəhrəmanın xatirə lövhəsi vurulan küçədə davam etdirilib. Tədbir iştirakçıları şəhidin barelyefi qarşısına qərənfillər düzüblər. İştirakçılara Müdafiə Nazirliyinin nəşri olan A. Qurbaninin “Çingiz dastanı” kitabı hədiyyə edilib.