Noyabrın 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz ilə görüşüb.

H. Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı, Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyində geniş tərkibdə keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

İki qardaş dövlətin rəhbərləri və xalqlarımız tərəfindən daim dəstəklənən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsinin vacibliyinin vurğulandığı görüşdə təcrübə mübadiləsi məqsədilə hərbi mütəxəssislərdən ibarət ekspert qruplarının qarşılıqlı səfərlərinin, eləcə də Quru Qoşunları, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə təlimlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.