Palliativ yardım tibbi və sosial fəaliyyət sahəsi olub, sağalması mümkün olmayan (və ya xəstəliyin son mərhələsində olan) xəstələrin əzab-əziyyətinin qarşısının alınması və vəziyyətinin yüngülləşdirilməsi, həmçinin onların ailə üzvlərinin həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədini daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə ölüm vəziyyətində olan bütün xəstələrin 60%-nin palliativ yardıma ehtiyacı olur.

“Palliativ” tibbi termini latınca palio (örtürəm, qoruyuram) sözündən olub, xəstəyə müvəqqəti yüngüllük gətirən, lakin xəstəliyin tam sağalmasına hədəflənməyən dərman müalicəsi və yaxud cərrahi əməliyyat deməkdir.

Palliativ yardımın təminatı əlacsız xəstələrə diaqnoz qoyulan vaxtdan başlayır.

Palliativ yardımın əsas məqsəd və vəzifələri:

* Ağrının yüngülləşdirilməsi və xəstəliyin törətdiyi digər narahatedici simptomların azaldılması

* Xəstəyə və qohumlarına psixoloji dəstəyin verilməsi

* Ölümə insan həyatının təbii mərhələsi kimi baxılması

* Xəstə və yaxınlarının mənəvi-ruhi ehtiyaclarının ödənilməsi

* Sosial və hüquqi məsələlərin həll edilməsi

* Bioetik məsələlərin həll edilməsi

Palliativ yardım xidmətlərinin göstərilməsi aşağıdakı məkanlarda mümkündür:

  • Xəstəxanada
  • Ambulator şəraitdə
  • Evdə

 Palliativ yardım növünün seçimi xəstənin vəziyyəti, ailə durumu, ev şəraiti, xəstəxana və ya tibb məntəqəsindən uzaqlığı və xəstənin istəyi nəzərə alınmaqla təyin edilir. Palliativ  yardım  gündə  24  saat, həftədə 7 gün olmaqla təmin edilir.

Ömrünün son dövründə müalicənin effekt vermədiyini nəzərə alaraq, belə xəstələrə xəstəxana şəraitində hospis tibbi xidməti göstərilir. Hospisdə göstərilən palliativ yardım əsasən xəstədə fiziki və mənəvi əzabəziyyəti azaltmaq məqsədini daşıyır.

Həyatlarının sonunda ixtisaslaşdırılmış palliativ yardıma ehtiyacı olan xəstələr 3 əsas qrupa bölünürlər:

* Bədxassəli şiş xəstəliyinin 4-cü mərhələsində olan xəstələr

* QİÇS-in son mərhələsində olan xəstələr

* Son mərhələsinə çatmış qeyri-onkoloji xronik xəstəlikləri (ürək xəstəliyinin dekompensasiyası, ağciyər, qaraciyər və böyrək çatışmazlığı, dağınıq və ya ümumi skleroz, beyin qan dövranının disfunksiyasının ağır nəticələri və s.) olan xəstələr 

Evdə palliativ yardım aşağıdakı qrup xəstələrə göstərilə bilər:

* Qan-damar sistemi orqanlarının xronik xəstəlikləri ilə 1-ci qrup əlilliyi olan xəstələr

* Xronik beyin-damar xəstəlikləri ilə 1-ci qrup əlilliyi olan xəstələr

* İİV/QİÇS-ə yoluxmuş, xəstəliyin 5-ci mərhələsində olan xəstələr

* Onkoloji xəstəliyin 4-cü mərhələsində olan xəstələr

 

Mənbə: saglamliq.isim.az/