Qrip (influenza) – qrip virusunun törətdiyi xəstəlikdir. Bu virusun müxtəlif növləri  mövcuddur. Qrip öskürmə və ya asqırma zamanı hava-damcı yolu ilə digər insanlara ötürülür. Virusun mövcud olduğu səthlərə təmas zamanı yoluxma halı yüksəkdir. Ona görə də qrip sürətlə yayıla bilən bir xəstəlikdir.   

Qripin əlamətlərinə yüksək  temperatur, əzələ ağrıları, öskürək, baş ağrısı və xroniki yorğunluq daxildir. Xəstəlik adətən 2-7 gün davam edir. Qripə yoluxan insanların əksəriyyəti tamamilə yaxşılaşır. Bəzən isə tənəffüs yollarının infeksiyası və ya pnevmaniya ilə bağlı şikayətlər meydana çıxır.   

Xəstəliyin ağırlaşmalarına körpələr, yaşlılar, ürək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlər, hamilə qadınlar, eləcə də immun sistemi zəif olan şəxslər arasında  nisbətən daha çox rast gəlinir.

Qrip virusunun A, B və C tipli 3 növü var. Daha çox A və B tipli virus əhali arasında geniş yayılıb. Qış fəslində qrip virusunun müxtəlif növləri epidemiyaya çevrilərək yoluxma ehtimalını artırır. Bu, mövsümi qrip adlanır.  Mövsümi qrip epidemiyası dövründə yayılmış qrip virusuna yoluxma ehtimalı daha çoxdur. Qış aylarında bu dövr əksər hallarda 6-8 həftə davam edir. 

Mövsümi qrip əleyhinə immunizasiya

Qripə qarşı immunizasiya (peyvənd) 1 il ərzində mövsümi qripə yoluxma halının qarşısını alır. Qripə qarşı peyvənd olunan hər 10 nəfərdən 7-8-də xəstəliyə qarşı immunitet güclənir. İmmunizasiya hər il adətən oktyabr və ya noyabr aylarında keçirilir. Bu vaksin növbəti qış baş verməsi gözlənilən qrip virusu ştamından hazırlanır. Qrip virusu hər il müxtəlif forma aldığından yeni peyvəndin hazırlanmasına ehtiyac var. Qripə yoluxmamaq üçün hər il peyvənd olunmaq tövsiyə olunur.     

Qripə qarşı peyvənd öskürək, soyuqdəymə və qripə bənzər xəstəliklərə səbəb ola biləcək digər viruslu infeksiyanın qarşısını almır. Bu yalnız növbəti qışda baş verməsi gözlənilən spesifik qrip virusunun qarşısını alır.   

Böyüklər üçün tətbiq olunan vaksində,  adətən,  aktiv qrip virusu olmur. Bu o deməkdir ki, o, qrip və ya digər infeksiyalar yaratmır. Qripə qarşı vaksin tətbiq olunduqdan qısa müddət sonra öskürək və ya soyuqdəymə təsadüf nəticəsində baş verə bilər. 

Mövsümi qrip spesifik tipli qrip virusu olub payız fəslində müşahidə olunur. Qripin forması hər il dəyişir. Nəticə etibarilə, potensial qrip növünə qarşı hər il yeni peyvənd hazırlanır. Peyvənd vurulduqdan sonra 14 gün ərzində tam immunitet formalaşır.   

Adətən, Səhiyyə Nazirliyi vaksinin kimlərə tətbiq olunmalı olduğu barədə tövsiyələr verir. Burada əsas məqsəd qriplə xəstələnmənin ehtimalı çox olan şəxslərdə yoluxma halının qarşısını almaqdır.

Hamilə qadınlar niyə qripə qarşı peyvənd olunmalıdır?

Hamilə qadınlarda ciddi xəstəliklərin yaranma riski yüksəkdir. Həmçinin onların digər qadınlara nisbətən xəstəxanaya düşmə ehtimalı daha çoxdur. Hamiləlik və döşlə əmizdirmə zamanı mövsümi qripə qarşı peyvənd vurulması heç bir problem yaratmır.

Mövsümi qrip əleyhinə kimlər peyvənd olunmamalıdır?

İnsanların böyük əksəriyyətinə immunizasiya ola bilər. Lakin aşağıda qeyd edilən şəxslərə immunizasiya əks göstərişdir:

  • Yumurtaya qarşı ağır allergiyası olan şəxslər (donuz qripinə qarşı müxtəlif immunizasiyalar oluna bilər);
  • Bundan qabaq immunizasiyaya qarşı allergiyası olan şəxslər.

 

Mənbə: www.saglamliq.isim.az