Talassemiya — xəstə valideynlərdən uşaqlara gen vasitəsilə ötürülən ağır irsi qan xəstəliyidir. Azərbaycan talassemiyanın geniş yayıldığı və bu xəstəliyin diyar patologiyası hesab edilən ölkələr sırasındadır. Hər il respublikada 300-ə yaxın uşaq bu xəstəliklə doğulur.

Son illər talassemiyanın profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülmüşdür.

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli, 264 nömrəli Fərmanına əsasən hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş və 2006-2010-cu illəri əhatə edən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların qan və dəmirqovucu preparatlarla təminatının yaxşılaşmasına səbəb olmuşdur.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunmuşdur. Lakin bu tədbirlərin görülməsinə baxmayaraq, həmin xəstəliklə qeydiyyata düşən şəxslərin sayı ilbəil artır. Hazırda rəsmi statistikaya əsasən respublikada talassemiya daşıyıcısı olan xəstələrin sayı 3519 nəfərdir. Ona görə də talassemiyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac vardır.

Hal-hazırda müalicə tədbirləri ilə yanaşı, əsas diqqət talassemiyanın profilaktikasına və əhalinin bu sahədə sosial səfərbərliyinə istiqamətlənməlidir.

Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:
– respublikada talassemiya xəstəliyinin yayılmasının qarşısının alınması;
– əhalinin talassemiyaya dair maarifləndirilməsi;
– talassemiya daşıyıcılarının aşkar edilməsi tədbirlərinin həyata keçirilməsi və onlara tibbi-genetik məsləhətlərin verilməsi;
– dölün prenatal diaqnostikasının təşkili;
– talassemiyalı xəstələrin ömürlərinin uzadılması, həyat keyfiyyətinin yaxşılaşdırılması, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması.