İlk layihəmizə imza atırıq! “Xəzərin Sahilində” Musiqi Festivalı “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin ilk layihəsi olub, müxtəlif janrlarda və alətlərdə ifa edən həm həvəskar, həm də peşəkar musiqiçilərin çıxış edəcəyi tədbirdir.

2017-ci il, 23-24 sentyabr tarixlərində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Xəzərin sahilində” musiqi festivalı baş tutacaq. Festivalın keçirilməsində məqsəd Bakıda küçə musiqiçilərinə dəstək, onlarla cəmiyyət, müxtəlif idarəetmə və hüquq-mühafizə orqanları arasında daha yüksək ictimai münasibətlərin təmin olunmasına nail olmaqdır.

Bununla bərabər, cavanların asudə vaxtını səmərəli keçirməsi, musiqi ətrafında birləşməsini təşviq etmək də məqsədlərimiz sırasındadır. Festivalın şəhərin ən populyar yerlərindən birində – Dənizkənarı Milli Parkda təşkil olunması buranın ab-havasına əlavə rəng qatmaqla yanaşı, həm də şəhər sakinləri və turistlərin musiqi zövqünü oxşayacaq.