Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. İmmunoprofilaktikaya dair proq-ram körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş ən vacib proqramdır. Dünya miqyasında immunoprofilaktika tədbirləri nəticəsində bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalmış, bir neçəsi isə tam ləğv olunmuşdur.

2006-2010-cu illəri əhatə edən “Yoluxucu xəstəliklərin immuno-profilaktikasına dair Tədbirlər Proqramı” çərçivəsində respublikanın poliomielitdən azad olması statusunun saxlanılması, qızılca və məxmərəyin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər hazırlanaraq həyata keçirilmiş, eləcə də, planlı şəkildə vaksinlərlə idarə olunan digər yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika və nəzarət tədbirləri aparılmışdır.

Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:

– profilaktik peyvənd təqviminə uyğun olaraq, peyvəndləmənin yüksək səviyyədə saxlanılması;

– immunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi;

– bütün mərhələlərdə yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin təmin edilməsi;

– məqsədli qruplar və əhali arasında sosial səfərbərliyin aparılması.