Xəbərlər

15 Jan

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə könüllülərlə görüş keçirilib


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə əlaqədar olaraq “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə 15 yanvar 2020-ci il tarixində Binəqədi Gənclər Evində təşkilatın aktiv könüllüləri ilə görüş keçirilib.

Görüşdə təşkilat tərəfindən cari ildə keçiriləcək layihələrlə bağlı geniş təqdimat edilib. Könüllülərin təşkilatın həyata keçirəcəyi layihələrdə daha aktiv iştirakının təmin olunması istiqamətində müzakirələr aparılıb, təkliflər dinlənilib. “Cavan” könüllüləri cənab Prezidentin sözügedən sərəncamı ilə onlara yaradılan imkanları layiqincə dəyərləndirməyə çalışacaqlarını qeyd ediblər.

Qeyd edək ki, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi tərəfindən “Könüllülər ili” ilə bağlı silsilə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Baş tutacaq layihələrdə könüllülərin şəxsi inkişafına, gənclərin könüllü işinə təşviqinə, onlara vətənpərvərlik ideyalarının aşılanmasına, asudə vaxtlarının səmərəli təşkilinə önəm veriləcək.